Leontyev Vasili Vasilyeviç
1906-1999 – amerikalı iqtisadçı, “məsrəflər-buraxılış metodunun inkişafına və onun mühüm iqtisadi problemlərə tətbiqinə görə” iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür (1973). Leninqrad (indiki Sankt-Peterburq) Universitetini bitirmişdir. Təhsilini Berlin universitetinin aspiranturasında davam etdirmişdir, eyni zamanda Kil Universitetinin nəzdindəki Dünya Təsərrüfatı İnstitutunda işləmişdir. 1928-1929-cu illərdə Nankin şəhərində Çin hökumətinin iqtisadi müşaviri olmuşdur. Almaniyaya qayıtdıqdan sonra Dünya təsərrüfatı institutunda tədqiqatçı iqtisadçı, 1931-ci ildən – Milli İqtisadi Tədqiqatlar Bürosunun (ABŞ) əməkdaşı, Harvard Universitetinin müəllimi (1932-ci ildən), professoru, Henri Li adına siyasi iqtisad kafedrasının müdiri (1953-1975). Harvard iqtisadi tədqiqatlar layihəsinin rəhbəri (1946-1973) olmuşdur. Bu layihə “məsrəflər-buraxılış” metodu üzrə təhlil sahəsində tədqiqatların mərkəzinə çevrilmişdir. Nyu York Universitetinin nəzdində İqtisadi Təhlil İnstitutunun direktoru vəzifəsində çalışmışdır (1975-1986). Onlarla müxtəlif mükafatlara, təltiflərə, o cümlədən Piza universitetinin Xeruvima ordeninə (İtaliya), Fəxri legion ordeninə (Fransa), Parlaq günəş ordeninə (Yaponiya), Fransanın incəsənət və ədəbiyyat ordeninə layiq görülmüşdür; 10-dan artıq universitetin fəxri doktoru, Amerika Milli Elmlər Akademiyasının, Ekonometrika Cəmiyyətinin (1954-cü ildən prezidenti), Amerika İqtisadi Assosiasiyasının (1970-ci ildən prezidenti), Amerika Fəlsəfə Cəmiyyətinin, Kral Statistika Cəmiyyətinin (Böyük Britaniya), Yaponiya İqtisadi Tədqiqatlar Mərkəzinin, Fransa İnstitutunun, Rusiya Elmlər Akademiyasının (1988) üzvü idi.1920-ci illərin sonunda 1930-cu illərin əvvəllərində tələb və təklifin elastikliyinin öyrənilməsi, sənaye təmərküzləşməsinin statistik ölçülməsi, beynəlxalq ticarətin bir sıra qanunauyğunluqlarının edilməsi üçün biganəlik əyrisinin istifadəsi üzrə bir sıra orijinal tədqiqatlar aparmışdır. Onun ilk elmi məqalələrindən biri 1923-1924-cü illərdə SSRİ-nin xalq təsərrüfatı balansının təhlilinə həsr edilmişdir (rus dilində SSRİ xalq təsərrüfatı balansı MSİ-nin işinin metodoloji cəhədən təhlili” adlı məqalə 1925-ci ilin 25 oktyabrında “Weltwirtschaftliches” jurnalında, 1925-ci ililn dekabrında “Плановое хозяйство” jurnalında dərc olunmuşdur) ki, bu məqalə o illərin iqtisadi praktikasında ictimai məhsulun istehsalının və bölgüsünün rəqəmlərlə verilməsi sahəsində ilk cəhd idi. Bu balans sonradan Leontyevin işlədiyi “məsrəf-buraxılış” metodunun nümunəsi idi (iqtisad elmində bu, sahələrarası balansın iqtisadi riyazi modeli adlandırılır).
ABŞ-da cari məsrəflərin əmsal sabitliyini yoxlamaq üçün Leontyev tərəfindən 1919-1929-cu, 1929 və 1939-cu illərdə hesabat sahələrarası balansları tərtib olundu ki, bu da iki onillik ərzində əksər əmsalların təkrarlıq və sabitlik dərəcəsinin yetərli səviyyəsini müəyyən etməyə imkan verdi. Bu tədqiqatların nəticələri “ABŞ-ın iqtisadi sistemində “məsrəflər-buraxılış” nisbətinin kəmiyyətcə təhlili” (“Quantitative Input and Output Relations in the Economic System of the United States”, 1936), “1919-1929-cu illər Amerika iqtisadiyyatının strukturu: tarazlıq nəzəriyyəsinin empirik tətbiqi” (“The Structure of the American Economy, 1919-1929: An Empirical Application of Equilibrium Analysis”, 1941) və s. məqalələrdə əks olunmuşdur. Sonralar Leontyev “Məsrəflər-buraxılış regionlararası təhlilin təkmilləşməsi və investisiya əmsalları matrisinin tərtib edilməsi ilə məşğul oldu, bununla da “məsrəflər-buraxılış” dinamik metodunun əsasını qoydu və bunun nəticəsində iqtisadi artımı təhlil etmək mümkün oldu. Leontyevin metodu ilə ayrı-ayrı Amerika şəhərlərinin təsərrüfatlarının şahmat balansları tərtib olunur; bu metod dünyanın əksər ölkələrinin milli hesablar sistemini tərkib hissəsi oldu. İqtisadi planlaşdırmanın və büdcə sisteminin ən mühüm metodu kimi bir çox hökumət, beynəlxalq təşkilatlar və tədqiqat institutları tərəfindən tətbiq edilir.
No comments:
Post a Comment