October 17, 2010

Ekonometrik modellər. Korrelyasiya və reqresiya təhlilinin əsas məsələsi

Ekonometrik modellər ekonometriyanın ən əsas amilidir. Ekonometriya elmi bir istiqamətdir. Onun predmeti iqtisadi təzahürlərin və proseslərin kəmiyyət tərəfini riyazi və statistik üsullarla  öyrənməkdən  ibarətdir. Bu, iqtisadiyyat elminin yeni istiqamətidir. Ekonometriya riyazi iqtisadiyyatdan real, iqtisadi prosesləri konkret hesablama materiallarının tətbiqi ilə fərqlənir. Ekonometriya iqtisadiyyatın nəzəri təhlilinin nailiyyətlərini riyaziyyat və statistikanın nailiyyətləri ilə sintez edir.
Ekonometriya  iki – «ekonomiya» (iqtisadiyyat) və «metrika» (ölçmə) sözlərindən düzəldilmişdir və məşhur Norveç  alimi, Nobel  mükafatı laureatı R.Friş tərəfindən elmə daxil edilmişdir. Ekonometriya termininin əvəzinə bə’zən “ekonometrika” termini də işlədilir. Bu elm xarici ölkələrdə, xüsusilə Qərbdə geniş yayılmışdır. Bazar münasibətlərinə malik inkişaf etmiş ölkələrdə ali məktəblərin elmi iqtisadi yönümlü ixtisaslarında geniş tədris olunur.
Ekonometriya elmi XX əsrin əvvəllərində xətti proq-ramlaşdırma məsələsinin, sahələrarası balans modelinin ya-ranması və onların real iqtisadi proseslərə tətbiqi ilə yaranmışdır.
Keçmiş sovet elmində ekonometrik modellərə iqtisadi-riyazi üsulların tərkib hissəsi kimi baxılırdı. İqtisadi-riyazi üsullar terminini akademik V.S.Nemçinov 60-cı illərin əvvəllərində elmə daxil etmişdir. İqtisadi-riyazi üsullar iqtisadiyyatın öyrənilməsi üçün iqtisadiyyat və riyaziyyat elmlərinin birləşməsinin ümumiləşmiş adıdır.
Ekonometrik modellər iqtisadiyyatın mikro və makro səviyyəsində uğurla tətbiq edilir. Bu modellər vasitəsilə iqti-sadiyyatın nəzəri məsələləri riyazi statistikanın üsulları ilə faktiki və ya empirik materiallar əsasında yoxlanılır. Bu baxımdan ekonometrik modellərin qurulması və adekvatlığın yoxlanması riyazi statistikanın korrelyasiya və reqresiya təhlili ilə bilavasitə bağlıdır.
Korrelyasiya anlayışı XIX əsrin ortalarında ingilis sta-tistikləri F.Qalton və K.Pirsonun işlərində meydana çıxmışdır. “Korrelyasiya” termini latın “correlation“ sözündən yaranmışdır, mə’nası qarşılıqlı asılılıq, münasibət deməkdir. ”Reqresiya” terminini də F.Qalton daxil etmişdir, latın “regression” sözündən yaranıb, mə’nası geriyə hərəkət deməkdir. F.Qalton bu terminləri valideyinlərin boy uzunluqları ilə onların övladlarının boy uzunluqları arasındakı əlaqəni öyrənərkən elmə gətirmişdir. Bu zaman o, belə bir nəticə almışdır ki, uzun boya malik valideynlərin uşaqlarının boy uzunluqları orta boya yaxınlaşır.
İqtisadiyyatda bir sıra iqtisadi göstəricilər vardır ki, onlar arasında sıx əlaqə mövcuddur. Bu elə asılılıqdır ki, bir dəyişənin hər bir qiymətinə digər bir dəyişənin hansısa müəyyən deyil, çoxlu sayda mümkün qiymətləri uyğun gəlir. Belə asılılıqlar statistik, stoxastik və ya ehtimallı asılılıqlar adını almışdır. Statistik asılılıqlara misal olaraq, ölkənin ümumi daxili məhsulunun kapitaldan (əsas fondlardan) və əmək qüvvəsindən, kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq-larının onların əkin sahələrinə verilən kübrələrin miqdarından asılılıqlarını göstərmək olar. Dəyişənlər arasındakı statistik asılılıqları korrelyasiya və reqresiya təhli-linin üsulları ilə öyrənmək mümkündür. Bu üsulların köməyi ilə müxtəlif məsələlər həll edilir.
Reqresiya təhlininin əsas məsələsi dəyişənlər arasında asılılığın şəklinin müəyyən edilməsindən ibarətdir.
Korrelyasiya təhlininin əsas məsələsi isə təsadüfi dəyişənlər arasındakı əlaqənin üzə çıxarılması və onun əlaqə sıxlığının qiymətləndirilməsindən ibarətdir.

No comments:

Post a Comment