Hazırda təcrübə, müşahidə və sınaqlar əsasında statistik asılılıqların öyrənilməsi sosiologiya, tibb və iqtisadiyyat və bir sıra digər elmlərin inkişafında müstəsna əhəmiyyət kəsb edir. İqtisadiyyat elmində göstəricilər arasında korrelyasiya və reqressiya təhlillərinin aparılması ekonometrika elminin yaranmasına səbəb olmuşdur.
Qədimdən insanlar yaşadığı dünyanı, eləcə də onun əhatə edən hər şeyi dərk etməyə çalışmışlar. Baş verən hadisələri müşahidə etməklə müəyyən empirik qanunauyğunluqların və asılılıqların tapılmasına nail olmuşlar. Münəccimlik elminin, xalq təbabətinin əsasları, oradakı proses və hadisələrin mahiyyətini hələ dərk edilməmişdən əvvəl uzun illərin müşahidələri əsasında formalaşmağa başlamışdır. Məsələn, «quşlar yerə yaxın uçanda zəlzələlər baş verir» , «ulduzlar çox olanda səhəri hava isti olur» və s. eləcədə əl izləri əsasında insan taleyi haqqında fikirlərin söylənilməsi, ulduz falları və digər çoxlu sayda nümunələr göstərə bilərik ki orada ilk öncə müşahidələr əsasında nəticələr cıxarılmışdır. Müqəddəs kitablarda (TÖVRAT, İNCİL və QURAN) söylənilən fikirlərin sonralar elmi araşdırmalarla əsaslandırılması, Atalar sözləri, Aforizmlər, təbiət və cəmiyyətdəki bir sıra qanunauyğunluqlar müşahidələr əsasında üzə çıxarılmışdır. Bütün bu empirik müşahidələr, qanunauyğunluqlar, kateqoriya, və anlayışların yaranmasına səbəb olaraq elmi istiqamətlərin formalaşmasına təkan vermişdir. Elmlər formalaşdıqdan sonra isə bir sıra empirik qanunauyğunluqlar elmi cəhətdən əsaslandırılmışdır. Tarixdən məlumdur ki, hamamda Arximed vannaya girdikdə çəkisinə bərabər həcimdə suyu sıxışdırıb yerə atdığını müşahidə etdikdə üç dəfə “Evrika” (yəni “Tapdım”) qışqıraraq yeni qanun kəşf etmişdir. Nyuton alma ağacının altında olarkən başına alma düşdüyünü müşahidə etdikdən sonra yerin cazibə qanununu kəşf etmişdir.