October 18, 2010

POST OTİSTİK İQTİSAD HƏRƏKATI

KLASSİK VƏ NEOKLASSİK İQTİSADİ NƏZƏRİYYƏLƏRİN BÖHRANI, POST OTİSTİK İQTİSAD HƏRƏKATI

“Bir iqtisadçının dəqiq proqnozlaşdırdığı yeganə şey ayın sonunda alacağı maaşıdır.”

J.K.Galbraith


İqtisad elminin tarix boyunca ən çox müzakirə edildiyi dövrlərdən birini yaşayırıq. Hər gün yerli və xarici televiziyalarda gördüyümüz iqtisadçılar tez-tez səhv çıxan proqnozlar verirlər. Təklif etdikləri siyasətlər bəzən vəziyyəti daha da pisləşdirir, iqtisadi dəyişənlərlə bağlı edilən təxminlər çox vaxt səhv olur. İqtisadçı alimlərin real dünyanın necə bir yer olduğu barəsində (ya da iqtisadi hadisələrin necə reallaşdığı haqqında) davamlı müzakirə etdiklərinə baxmayaraq öz fənlərinin tərifi mövzusunda belə razılaşa bilmirlər. İqtisadçı tələbələr isə universitetlərdə verilən iqtisad təhsilinin gerçək dünyayla nə əlaqəsi olduğunu tez-tez soruşurlar.

Əlbəttə, iqtisadçıların da, iqtisad təhsilinin də tamamilə uğursuz olduğunu söyləmək olmaz. Amma bu elmin içində olanlar bəzi şeylərin yolunda getmədiyi görürlər. Bitmək tükənmək bilməyən müzakirələrin varlığı çox əhəmiyyətli bir gerçəyə işarə edir: Ölkələrin siyasətinə hakim olan və universitetlərdə tədris edilən iqtisad elmi böyük böhran yaşayır.

Bu, iqtisad elminin ilk böhranı deyil və ehtimal ki, sonuncusu da olmayacaq. Thomas Kuhn, məşhur kitabı "Elmi İnqilabların Quruluşu"nda (
The Structure of Scientific Revolutions) elm sahələrinin problemləri həll edə bilmədiyində böhrana girəcəyini və bu böhrandan yalnız yeni düşüncə məktəbinin köhnəsinin yerinə keçməsiylə çıxıla biləcəyini söyləyirdi. İqtisad elmi daha əvvəlki böhranlarını bu şəkildə aşmışdı. İqtisad elminə hakim olan Neoklassik iqtisad məktəbi 1929 Böyük Depressiyasını dəf edə bilmədikdə yerinə Keynsin fikirlərini təməl alan yeni bir yanaşma keçmişdi. Daha sonra Neoklassik nəzəriyyə özünü Keynsçi tezislərlə uyğunlaşdırmaq üçün böyük dəyişikliklərə gedib etibarını yenidən geri qazandı. Bununla belə 1970-lərdən etibarən yeni böhranın içinə girməkdən xilas ola bilmədi. Lakin bu son böhran da, hakim iqtisad görüşünü böhrandan çıxara biləcək yeni iqtisad düşüncəsi yaradıla bilmədi. İqtisadiyyatla bağlı bütün qavrayış formalarını dəyişdirəcək və iqtisad elminin bugünki problemlərini həll edəcək iqtisad məktəbi ortaya çıxarda bilmədi. Bu da bugün müasir iqtisadın yaşadığı problemlərin arxasında yatan təməl səbəb oldu.

İqtisad elminin gerçək dünyada olub bitənləri açıqlamaqda yaşadığı çətinliklərin birdən çox səbəbi var. Lakin ən əsas səbəb hakim iqtisad görüşünün kapitalizmi təməl alan və onu qanuniləşdirməyi məqsədinə çevirən yanaşmasıdır. İqtisad elmi yalnız nəzəri bir məşğuliyyət deyil və digər bir çox elmlər kimi obyektiv də deyil. Mövcud sistemin qorunması və gücləndirilməsinə istiqamətlənən çox əhəmiyyətli ideoloji tərəfi də var. Mövcud iqtisad elminin sistemi kapitalizm sistemdir və bu da iqtisad elminin içində olduğu böhrandan çıxmasının qarşısında maneə yaratmaqdadır.

Bugün, kapitalist iqtisad elminə və iqtisad təhsilinə hakim olan neoklassik düşüncə, bazar iqtisadiyyatının uyğun və ya optimal nəticələrə çatacağını isbat etməyə çalışan modelə söykənir. Nəzəriyyələrin hipotezləri bu sadə suala görə formalaşdırılır: "Bazar qanunlarının optimuma aparacağını isbat etmək üçün görəsən hansı hipotezlər qəbul edilməlidir?". Yəni, burda söhbət müəyyən nəticəyə çatmaq üçün hipotezlərdən yola çıxmaqdan yox, nəticədən hərəkət edərək hansı şərtlərdə və hansı hipotezlər altında nəticəyə çatıla biləcəyini təyin etməkdən gedir. Neoklassiklərə görə gerçəklərlə nəzəriyyə arasında böyük sapmalar varsa səhv olan nəzəriyyə deyil, gerçəyin özüdür. Çünki nəzəriyyənin mümkün ən yaxşı şərtləri təyin etdiyinə inanılır. Gerçək həyat bundan fərqlidirsə, bunun səbəbi bəzi "qüsurların" olmasıdır. Optimuma çatmaq üçün bu qüsurların ortadan qaldırılması lazımlıdır. Hal-hazırda hakim olan iqtisad görüşünün qeyri-real hipotezlərinin və uğursuz həll təkliflərinin təməl səbəbi budur. Hakim iqtisad fikri kapitalizmi davam etdirməyə cəmləşdiyi üçün real elmi təməllərindən qopmuşdur.

İqtisadın yuxarıda qısa şəkildə qeyd etdiyimiz vəziyyəti həm tələbələr, həm də müəllimlərdə yüzlərlə sual meydana gətirir. Getdikcə artan bu narahatlıq duyğusu "Post Otistik İqtisad Hərəkatı" olaraq bilinən hərəkatı doğurdu.

Fransada iqtisad təhsili alan bir qrup tələbə iqtisad elminin reallıqlarla əlaqəsinin kəsilərək “otistik” (reallıqlardan daha çox xəyal dünyasını seçmək) hala gətirildiyi düşüncəsi ilə bir araya gəlib 2000-ci ilin May ayında ortaq bir müraciətə imza atdılar və aldıqları iqtisad təhsilindən məmnun olmadıqlarını ifadə etdilər. Onlar iqtisad təhsilinin dünyanın gerçək problemləriylə məşğul olmasını tələb edirdilər. Bundan əlavə iqtisad elmində plüralizmin olmasını istəyir, hakim görüş olan neoklassik nəzəriyyə ilə birlikdə digər düşüncə məktəblərinin də öyrədilməsini tələb edirdilər.

Müraciətdə həmçinin aşağıdakılar qeyd olunmuşdu:
İnsanı yalnız "istehsal və istehlak edən" obyektiv bir vasitə olaraq görən iqtisad təliminə qarşıyıq.
İqtisad təlimi mücərrəd anlayışlar üzərinə deyil, yaşadığımız reallıqlar üzərinə inşa edilməlidir.
İqtisad elmini ictimai bir təlim olaraq inkişaf etdirmək istəyirik. İqtisad elminin insanla olan əlaqəsini hər mərhələdə nəzərə almaq lazımdır.
İqtisad elmi təbiət elmlərindən fərqlidir. Onu sərt determinizmə həbs etməməliyik.
İqtisad elmi, təbiət elmləri kimi "qlobal düşünülə bilməz", yerli psixo-sosial və digər şərtlər nəzərə alınmalıdır.
İqtisad elmi içində riyaziyyat və ekonometrik ölçülər yalnız bir vasitədir. Bunları "bir məqsədmiş kimi göstərməmək lazımdır". (Bu sonuncu bəndin bizim universitetlərdəki iqtisad təhsilinə aidiyyatı yoxdur).

Bu müraciətin daha sonra Le Monde`də yerləşdirilməsi hərəkatı bütün dünyaya tanıtdı. Bununla belə çox qısa bir müddətdə, tələbələrin hazırladığı müraciətlər müəllimlər də daxil olmaqla 500-dən çox iqtisadçı tərəfindən dəstəklənmişdir. Müzakirələrin artması və gündəmə oturmasıyla birlikdə Fransa Təhsil Nazirliyi, Fransada iqtisad təhsilinin araşdırılması üçün iş başlatmışdır. Hərəkat, qısa müddətdə digər ölkələrdə də dəstək tapmış və müzakirə edilməyə başlanmışdır. Hətta qonşu Türkiyədəki İstanbul Universiteti İqtisad Fakültəsi Tələbələri və ODTÜ tələbələri bir müraciət nəşr edib bəzi konfranslar təşkil edərək mövzunu müzakirə ediblər.

No comments:

Post a Comment