October 18, 2010

Optimallaşdırma üsullarının iqtisadiyyatda tətbiqinin inkişaf tarixi və predmeti



İqtisadiyyatın bir çox praktiki məsələləri ən yaxşı həllin tapılması ilə əlaqədardır. Məsələn, məhdud resursların optimal bölüşdürülməsi, nəqliyyat məsələsi, təqvim proqramlaşdırılması və başqa bir sıra iqtisadi məsələlər optimallaşdırma üsulları vasitəsilə öz həllini tapır. Belə tip məsələlərin həll edilməsi üçün riyaziyyat elmindən, o cümlədən, optimallaşdırma üsullarından geniş istifadə edilir. İqtisadi problemlərinin həllində instrument kimi istifadə edilən bir sıra riyazi üsullar riyazi modelləşdirmə kursunda öyrənilir. Son illərdə iqtisadiyyatda tətbiq edilən klassik riyazi modelləşdirmə üsulları ilə yanaşı, digər instrumental üsullar da yaradılmışdır. Məsələn, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, qeyri-səlis məntiq, neyron şəbəkələrin iqtisadiyyatda tətbiqi genişlənmişdir.

Diferensial və inteqral hesabının yaradılması tətbiqi riyaziyyatın istiqamətlərinin genişlənməsinə, habelə praktikada tətbiqinə geniş imkanlar açdı. Qeyd edək ki, tətbiqi riyaziyyatın bir sıra istiqamətlərinin inkişafı  təbii elmlərin (fizika və texnika) tələbləri əsasında inkişaf etmişdir. Lakin, tipik məsələlərin ədədi həllərinin tapılması zamanı bu aparatlar kifayət etmir. Məsələn, bir sıra təsərrüfat problemlərinin həlli (hansı ki bu problemlər formal olaraq riyazi şəklə salınır) ekstremum axtarılması ilə bağlıdır, daha doğrusu xətti və ya qeyri xətti funksiyanın müəyyən məhdudiyyətlər şərti daxilində maksimum və ya minimum qiymətinin tapılmasına gətirir. Klassik riyazi analiz üsulları belə məsələlərin həlli üçün alqoritm vermir.
XX əsrin əvvəllərində bir-birindən asılı olmayaraq rus riyaziyyatçısı, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı D.V. Kontoroviç və amerikan iqtisadçısı D. Danzik xətti proqramlaşdırmanın həlli üçün xüsusi üsul (Simrleks üsul) vermişlər.
Müasir dövrdə ənənəvi olaraq riyaziyyat elminə aid edilən riyazi proqramlaşdırma üsulları ilə bağlı çoxlu sayda tədqiqatlar yerinə yetirilmişdir. Hazırda optimallaşdırma nəzəriyyəsinin müxtəlif şaxələrə bölünən üsulları mövcuddur. Əvvəlcə iqtisadi prosesin təsviri riyazi formaya salınır və daha sonra optimallaşdırma üsullarının köməyi ilə məsələnin ən yaxşı həlli tapılır. Optimallaşdırma üsullarının, eləcədə riyazi proqramlaşdırma üsullarının mahiyyətini dərk etmədən iqtisadi məsələlərin modellərinin qurulması qeyri mümkündür. İndiki zamanda optimallaşdırma üsulları elm və texnikanın müxtəlif sahələrində, habelə iqtisadiyyatda geniş yer verilir. İqtisadi təhlilin optimallaşdırma üsulu digər fənn və kurslardan bir sıra cəhətlərinə görə fərqlənir, belə ki, burada riyaziyyat elminə daxil olan riyazi modelləşdirmə, əməliyyatlar tədqiqi olmaqla yanaşı, iqtisadi nəzəriyyə  də mövcuddur. Bütün bu məsələlər birlikdə baxılaraq öyrənilir. Riyazi üsullar, o cümlədən optimallaşdırma üsulları ilə iqtisadiyyatın bəzi məsələləri həll edilir. Məsələn, ehtiyatların səmərəli bölgüsü buna bariz nümunədir. Bu məsələyə bəzən təsərrüfatın səmərəli idarə edilməsi problemi də deyilir.

No comments:

Post a Comment